Aktyor Tərlan Nur Yaşarla müsahibəmizi oxucularımıza təqdim edirik.

Aktyor Tərlan Nur Yaşarla müsahibəmizi oxucularımıza təqdim edirik.

  • Tərlan Nur Yaşar kimdir?

Sadə bir insan… İşini vicdanla görməyə çalışan biri… Bunu nə dərəcədə həyata keçirə bilmişəm, deyə bilmərəm. Yəqin ki, məni tanıyanlar daha dəqiq bilər

  • Aktyor olmağa necə qərar verdiniz? Sənətdə ilk addımlarınızı oxucularımızla paylaşa bilərsiniz?

İlk addımlarımı AZTU-da “Şən və hazırcavablar” klubunda atmışam.  Daha sonra televiziya sahəsində “Tək Səbir” verlişində işləməyə başlamışam. Daha sonra isə bir neçə nəfər ayrılıb Azərbaycanda ilk dəfə olaraq serial çəkməyə başladıq. Bu günə qədər bu sahədə işimə davam edirəm. Həm müəllif, həm aktyor kimi…

  • Karyeranıza başlayarkən hansı hədəfləriniz var idi?

Qarşıma heç bir hədəf qoymamışdım, amma qarşıma çıxan hədəflərə işimə olan məsuliyyətimlə yetişə bilirəm. Həyatımı hədəflər üzərində qurmamışam. Gördüyüm işin keyfiyyəti məni hədəfə doğru özü aparıb.

  • Aktyor olmaq üçün nələrdənsə imtina etməli olmusunuzmu?

Xeyr. Qətiyyən. İnsanın işi və məşğulliyyəti onun həyatının bir hissəsi olmalıdı. Əks halda ən azı ikisindən birində uduzma ehtimalı var. Hətta bəzən hər ikisində uduza bilərsən.

  • Aktyor Tərlan Nur Yaşarla karyerasına yenicə başlamış gənc Tərlan arasında hansı fərqlər var?

Həvəs… İllər ötdükcə həvəs öz yerini məsuliyyət və peşəkarlığa verib aradan çıxdı. Artıq həvəsim olmasa belə işimə olan məsuliyyət daha keyfiyyətli işləməyə vadar edir.

  • Əgər aktyor olmasaydınız hansı peşəni seçərdiniz. Nə vaxtsa peşənizi dəyişdirmək haqqında düşünmüsünüz?

Aktyor olmaqdan öncə hərbçi olmaq istəyirdim. Səhhətim buna mane oldu. Daha sonra iqtisadiyyata meyilləndim. Təhsilim menecerdir. Bu gün heç bir sənətə aktyorluğu dəyişmərəm.

  • Karyeranızda hansı çətinlikləriniz olub? Bunların öhdəsindən necə gəlmisiniz?

İstənilən işin öz çətinlikləri olur. Amma bu çətinliklər qarşısında təslim olub geri dönmək olmaz. Qarşındakı qaya belə olsa əzmlə daha çox bacarığından istifadə edib qayanı yarıb yoluna davam etməlisən. Amma bunu qaba güclə deyil, dostlarınla yaxınlarınla fərqli baxışları olan biriləri ilə məsləhətləşərək etməlisən. Necəki mən özüm də belə etmişəm.

  • Sizcə aktyorluq qabiliyyətdir yoxsa sonradan təcrübə və təhsillə qazanmaq olar?

Bəli. Aktyorluq qabiliyyətdir. İnsanın qabında yoxdursa nə təhsil, nə də ki praktika qabiliyyəti artırmayacaq. Fəqət qabiliyyət varsa həm təhsil, həm də praktika daha da bu işdə püxtələşməyə böyük təkan verəcək.

  • Gənclər hədəflərindəki işi tapmadıqda çox tez ruhdan düşürlər. Onlara uğur qazanmaq üçün nə tövsiyyə edərdiniz?

İşləmək… Hər kəs ilk gündən arzuladığı işə sahib olsa onun dəyərini anlamayacaq. Bunun dəfələrlə şahidi olmuşam. Arzuladığın işə sahib olmağın ən gözəl yolu pillə-pillə karyera zirvəsinə qalxmaqdır. Ən yüksək pilləyə yetişdikdə sahib olduğun sənətdə A-dan Z-yə hər bir şeyi əlinin içi kimi bildiyindən, sənətinin əsl peşəkarı da məhz sən olursan. Hər kəs səndən çəkinmir. Fəqət peşəkar olduğun üçün qarşında daha məsuliyyətli olmağa çalışır. Çünki istənilən halda sən ondan daha öndəsən. Vaxtilə sənin hədəflədiyin yerdə sən özün hədəfdə olursan. Sözün yaxşı mənasında…

  • Paylaş:

Yüklənir